.





    6 ayda itirdiyimiz MƏŞHURLAR

    2020-ci ili demək olar ki, yarılamışıq. Keçən 6 ay Azərbaycanın bir qrup tanınmış ictimai-siyasi xadimi, sənət adamı əbədiyyətə qovuşdu. Həm yaxınları, həm də sevənləri onlarla vidalaşdı.

     

    Son 6 ay ərzində itirdiyimiz məşhurların siyahısını təqdim edir:

     

    Elmira Əliyeva (1931) - 89 yaşlı əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva yanvarın 20-si vəfat edib.

     

    E.Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. 1987-ci ildə "Azərinform"da (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, Mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. 2010-cu ildə təqaüdə çıxdıqdan sonra da mətbuatla fəal əməkdaşlıq edib.

     

    İsgəndər Həmidov (1948)- Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə (1992-ci il) Daxili İşlər naziri olmuş İsgəndər Həmidov 72 yaşında uzun sürən xəstəlikdən dolayı xəstəxanada reanimasiyada olarkən vəfat edib.

    Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 

     

    Ağaxan Salmanlı (1941) - Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu il fevral ayınım 29-da vəfat edib.

    Gənc Tamaşaçılar Teatrının aktyoru 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

    O, 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

     

    Mansur Mansurov (1944) - Azərbaycanın əməkdar artisti, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının səhnə ustası Mansur Mansurov bu il 22 aprel tarixində vəfat edib.

    Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 1944-cü ildə Bakıda anadan olub. O, 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb.

      

    Rafiq Əliyev (1950) - Xalq artisti, tanınmış teatr aktyoru Rafiq Əliyev aprelin 16-sı uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 2005-ci ildə “Humay” ictimai milli mükafatını alıb. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub.

      

    Rafael Dadaşov (1946) - Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşov 16 mart tarixində 74 yaşında vəfat edib. Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərində eləcə də bir çox tamaşalrda çəkilib. Rafael Dadaşov 1987-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

     

    Rauf Babayev (1937) - Azərbaycanın Xalq artisti Rauf Babayev 27 mart tarixində 82 yaşında vəfat edib. Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.Müğənni 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olub. R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR Əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adını alıb.

     

    Cavanşir Əliyev (1945) - 60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 7 may tarixində, 75 yaşında vəfat edib. 60-80-ci illərdə estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub. Yaddaşlarda Oqtay Kazıminin "Bakının qızları" mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.

     

    Aqşin Babayev (1936) - Əməkdar jurnalist, yazıçı-dramaturq Aqşin Babayev iki gün öncə -10 iyun tarixində vəfat edib.

    Qeyd edək ki, A.Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib. 1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" kitabları bu gün də dəyərli dərs vəsaitidir. Türkiyədəki Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvüdür.

    A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

     

    Teymur Mustafayev (1939) - Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev ötən gün-iyunun 11-də ömrünün 82-ci ilində COVİD-19 səbəbi ilə vəfat edib. 

     

    Qeyd edək ki, T.Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib. Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə onu dinləyicilərə sevdirib.  Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google