.





    Prezident İlham Əliyev: Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır

    Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır.

    Məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışından sonra həkim kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

    Dövlət başçısı bildirib:

    "Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər.

    Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunubdur və Azərbaycan burada da liderlik göstəribdir. Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınması - bütün bu işlərə dövlət böyük vəsait ayırdı.

    Eyni zamanda, mən bu işləri təşkil edən qurumların fəaliyyətini də yüksək qiymətləndirirəm. Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır".

     

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google