.





    “Dabo böyük səhv edib” - Kamran Quliyev

     “Neftçi”nin prezidenti Kamran Quliyev futbolpress.az-a müsahibə verib.

    XeberOxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:

    - Bəs niyə belə söz-söhbətlər gəzir ki, “Neftçi” bu məsələlərdən yan qaçır, çempionatın bərpasını istəmir?

    - “Neftçi” qarşıya faktlar qoyur. Klublar Komitəsinin iki dəfə iclası olub, biz orda çempionatın təqvimini müzakirə etmişik. Niyəsə heç kəs bu barədə danışmır. Mövsümün ləğvi ilə bağlı heç bir müzakirə olmurdu. Ancaq son zamanlar karantin rejiminin sərtləşdirilməsi, həftənin iki günü evdən çıxmaq qadağasının tətbiqi, məşqlərin baş tutmaması vəziyyəti qəlizləşdirir. Bəzi futbol adamları deyir ki, bütün Avropa ölkələri çempionatları yekunlaşdırır. Əvvəla hamısı deyil, bəzilərində davam etdirilir. Ok, biz də hazırıq, biz də avrokuboka daha yaxşı vəziyyətdə getmək istəyirik. Bunlar bir-birinə bağlı olan məsələlərdi. Üstəlik, bizim çempionluq şansımız tükənməyib, “Qarabağ”la şəxsi oyunumuz var. Biz iddialıyıq. Mövsümün bitimi üçün avqustun 3-dən gec bir tarix qoyulsaydı, daha rahat olardı. Avropada bu şəraitdə heç kim olmayıb ki, iki gün evdə qalıb, sonra məşqə və ya oyuna çıxın. İstər Avropanın qərbində olsun, istər şərqində, istərsə də çempionatı davam etdirilən qonşu ölkələrdə - hər birində komandalara müvafiq vaxt verilib və həmin müddət ərzində onlar rahat məşq edə biliblər. Qoy bu fikirləri müdafiə edənlər sualıma cavab versinlər ki, belə bir şəraitdə, bu cür hava şərtləri altında iki günlük qapanmadan sonra komanda necə çıxıb oynaya bilər? Biz artıq iki futbolçumuzu itirmişik, bilirik ki, bu, digər klubların da başına gələcək. Artıq belə halların yaşandığından xəbərdarıq. Bəs bu futbolçularla avrokuboklarda necə oynayacağıq? İkigünlük qapanmalarla komanda necə hazır olsun? Biz istəyirik ki, sona qədər mübarizə aparaq, idman prinsipləri qorunsun, avrokuboklara hazır olaq. Bunlar mövsümün bərpasının müsbət tərəfləridi, mənfi məqamları da artıq qeyd etdik və hər kəsə onsuz da bəllidi.

    -  Mövcud durumla bağlı məşqçilər heyəti ilə müzakirələriniz olubmu?

    - Təbii ki, müzakirə edirik. Molla Nəsrəddinin məşhur hekayəsi var, bir parçadan iki dənə paltar tikmək olar, adam soruşur ki, 5 dənə tikə bilərsənmi? Yəni bizə 20 gün vaxt verildi, ancaq faktiki nə qədər oldu? 5-6 gün kəsildi. Bir mütəxəssis gəlsin desin ki, 14-15 günə komandanı necə hazırlamaq olar? Çox böyük riskdi. Deyək ki, biz öz komandamızı düşünmürük, bəs millini niyə fikirləşməməliyik? Axı yığmanın da Millətlər Liqasında oyunları olacaq. Dediyim kimi, idman prinsiplərinin qorunmasını, mövsümün bərpa olunmasını istəyirik, ancaq ölkədə koronavirusla mübarizə üçün bir siyasət var, onun da başında ölkə prezidenti dayanır. Cənab prezidentimiz heç nəyin insan sağlamlığından daha vacib olmadığını bildirir.

    - Mövsümün davam etdirilməməsi ilə bağlı iki variant var: çempion və mükafatçılar elan olunsun, yaxud mövcud turnir cədvəlinə uyğun avrokubok iştirakçıları bəlli olsun, çempion və mükafatçılar müəyyənləşdirilməsin. Siz hansının daha haqlı olacağını düşünürsüz? Ən çox “Neftçi”nin mövqeyi maraq doğurur...

    - Biz ona görə deyirik ki, bəli, çempionat davam etdirilsin. Çünki iddialıyıq. Ancaq qərar necə olacaqsa, ona da riayət etməliyik. Son zamanlarda “Neftçi”nin adını bu və ya digər məsələlərdə tez-tez hallandırırlar. Klubumuzun rəsmi mövqeyini bildirmişik. O barədə artıq nəsə deməyə ehtiyac yoxdu. Biz mövsümün davam etdirilməsinə razıyıq, ancaq problemi də qeyd etmişik ki, bizim üçün təhlükədi, mövcud durum komandaya mane olur. Mövqeyimiz çempionatın davam etdirilməsindən yanadı – bizə şərait yaradılması şərtiylə. Qərarı gözləyirik.

    - Son günlərin əsas mövzularından biri Baqali Dabo ilə olan problemdir. Artıq klubun rəsmi qərarı bəllidir. Sadəcə, maraqlıdır, niyə bu gərginlik bu qədər uzun çəkdi?

    - Biz futbola dünən gələn adamlar deyilik. Futbolçunun niyə belə hərəkət etdiyini çox gözəl bilirik, hər şeyi detallarınacan araşdırmışıq. Sadəcə, indi uyğun zaman deyil ki, biz ictimaiyyətə onun niyə belə davrandığını, kimlərə qulluq etdiyini açıqlayaq. Bunu demək üçün tezdi, çünki belədə hər şey onun marağına uyğun olacaq. Biz bütün addımlarda klubun maraqlarını düşünürük. “Neftçi”nin başına artıq belə şeylər gəlib. Bir neçə il öncə Emil Mpenza hadisəsi olub və uzun müddətdi klub bunun əziyyətini çəkirdi. Bəzi səriştəsiz insanların, UEFA, FIFA qaydalarını bilməyənlərin – hansı ki, indi ucadan danışırlar – verdiyi qərarlara görə 3-4 il idi “Neftçi” bunun altından çıxa bilmirdi. Çox əziyyətlə, ümumi səylə, sponsorların və klubun strategiyası sayəsində bu vəziyyətdən çıxa bildik. Vaxtında səhv qərar qəbul olunmuşdu. Əslində, bunu müzakirə etməyə də ehtiyac yoxdu, ortada faktlar var. UEFA bizə konkret cəza kəsmişdi. Bu gün emosiyaya qapılıb qərar qəbul edə bilərdik, ancaq bu, “Neftçi”nin xeyrinə olmazdı. Hər kəs alqışlayardı, ancaq o, səhv qərar olardı. Ona görə də hər şeyi ölçüb-biçdik. Bizə bu məsələdə dəstək verən xarici hüquqşünaslarımız var, hər şeyi prosedur qaydalara uyğun etmişik. Baqali Dabo “Neftçi” camiəsinə qarşı çox böyük səhv edib. Bəziləri deyirlər ki, öz ölkəmizin başqa klubudu da, nə olsun... Ancaq “Neftçi”də oynayan heç bir futbolçunun başqa klubun formasını geyinmək haqqı yoxdu. Ən qocaman, ən populyar, ən çox azarkeşə sahib klubun futbolçusu o cür hərəkət etməməlidi.

    - Öncəki məsələyə qayıtsaq, belə hesab edirsizmi ki, hüquqi prosedurların sərt formada tətbiqi digər nataraz futbolçuları da islah edəcək?

    - Hər dəfə hansısa futbolçu nəsə edəndə digərləri sonradan baş verənləri izləyir. Mən inanmıram ki, bu olaydan sonra kimsə oxşar hərəkətə yol versin. Çünki həqiqətən də, layiqli cəza verilib, üstəlik texniki heyət onu komandadan uzaqlaşdırıb. Yenə də hüquqi müstəvidə ona fərdi şəkildə məşq etmək üçün hər cür şərait yaradılacaq. Nəticədə biz qalib tərəf olacağıq. Buna tam əminəm. Emosiyaya qapılaraq deyil, hüquq çərçivəsində futbolçuya layiqli cavab veririk. Müqaviləsi 30 iyunda bitir. Ondan sonra hara istəsə gedər. Bu hadisədən sonra biz ona heç cür əvvəlki münasibəti bəsləyə bilmərik.

    - Hüquqi müstəvidə cəzalandırmadan danışdınız. Vacibliyi və ya effektivliyi çox müzakirə edilməlidir. Soni Mustivar və Dario Federiko ilə bağlı da çox danışılır...

    - Mustivarın müqaviləsi bitir. O, əsl peşəkar kimi davranır. Biz hələ çempionatın nə zaman bitəcəyini bilmirik, sadəcə məlumdu ki, avqustun 3-dən gec olmayacaq. Müqaviləsi bitən futbolçular qarşımıza heç bir tələb qoymadan, klubun onlara verdiyi dəyərə görə bizimlə davam edəcəklər. Ortada bir qəpik söhbəti belə yoxdu.

    - Bəs Dario?

    - O, həmişə belə olub. Həmişə narazıdır. Amma deyiləcək qədər problemli xarater deyil. Ümuiyyətlə, çox vaxt məsələlər şişirdilir. O, çox istedadlı futbolçudur. Bir az da ciddi olsaydı, çox böyük oyunçu ola bilərdi. Biz ona dəyər veririk.

    - Deyib ki, məni istəmirlər, mən də qalmaq istəmirəm...

    - Bu, futbolçunun emosiyasıdır, öz fikridir. O, hazırda məşqdədir və can-başla hazırlaşır, son oyunda da qol vurub. Dario ilə bu barədə heç bir söhbətimiz olmayıb.

     

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google